Bərdə türbəsində təmir-bərpa işləri yekunlaşıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bərdə türbəsində aparılan təmir-bərpa işləri başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən Milli.Az-a verilən məlumata görə, türbənin bərpası nazirliyin sifarişi əsasında “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən aparılıb.

Türbənin ətrafında yerləşən Torpaqqalada da bərpa və konservasiya işləri görülüb. Hazırda abidənin bərpası yekunlaşıb və ərazidə abadlıq işləri görülür.

Qeyd edək ki, Bərdə türbəsi yeraltı və yerüstü hissədən ibarətdir. Yeraltı hissəni o dövr üçün xarakterik olan sərdabə təşkil edir. Türbənin yerüstü hissəsi xatirə abidəsidir və monumental xarakter daşıyır. Kürsülüyü daşdan, gövdəsi isə silindrik şəkildə bişmiş kərpicdən hörülüb. Damı günbəz şəklindədir. Gövdəsinin xarici diametri 10 metr, hündürlüyü isə 12,5 metr təşkil edir. Türbənin divarları adi və üzərinə firuzəyi rəngli kaşı çəkilmiş kərpiclərlə üzlənib. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülüb. Bu cür orijinal hörgünün kərpiclə düzülmüş naxışlarında bütün gövdə boyu çoxlu sayda “Allah” sözü yazılıb. Bu səbəbdən də Bərdə türbəsinə xalq arasında “Allah-Allah türbəsi” də deyilir. Abidənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra isə bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir.

Sovet hakimiyyətinin ilk illərində türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar dağıdılıb. Bu səbəbdən Bərdə türbəsinin kimin şərəfinə ucaldıldığı məlum deyil. Abidənin Elxanilər sülaləsinin üzvlərindən biri üçün tikildiyi ehtimal edilir. Türbənin üzərində “Əməli Əhməd bin Eyyub əl-Hafiz Əlbənnayi ən-Naxçıvani” sözləri yazılıb. Bu isə tikilinin naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən inşa olunduğunu göstərir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp