Əməkdar artist: “Heç vaxt xəyanət etməmişəm”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Əməkdar artist Anar Heybətovun Milli.Az-a müsahibəsi

– Anar, teatr, film, yoxsa serial?

– Teatr! Seriallara da çəkilmişəm, amma filmlərim az olub. Məncə hər bir aktyorun hansısa sahədə bəxti gətirir.

– Filmlərə niyə az çəkilmisiniz?

– Ola bilər ki, məni rejissorlar hansısa rolda görməyiblər. Son illər yerli kino istehsalında daha çox komediya filmləri çəkilir. Bəlkə də bundan irəli gəlir.

– Sizi tamaşaçılar filmdə həmişə ciddi obrazlarda görüb. Komediyaya dəvət etsəydilər, gedib oynayardınız?

– Televiziya tamaşalarında, teatrda komik rollar çox oynamışam. Normal bir komediya filmi olsa və mənə dəvət etsələr, gedib çəkilərəm.

– Kinoteatra bilet alıb son illərdə çəkilən komediyalara baxmısınız?

– Xeyr, sözün düzü buna heç vaxtım da olmur. Sağ olsun dostlar, dəvət edəndə gedirəm. Bəzən isə heç gedə bilmirəm. Çünki kino təqdimatları ilə teatr tamaşalarının vaxtı üst-üstə düşür.

– Özünüzü şanslı aktyor hesab edirsiniz?

– Hardasa hə. Ara-sıra oynadığım rolları, səhnədə tərəf müqabili olduğum sənətkarları yadıma salıram və şanslı olduğumu görürəm. Mən çox böyük sənətkarlarla tərəf müqabili olmuşam. Hansı ki, onları mən vaxtilə televiziyadan izləyirdim və mənə əlçatmaz görünürdülər.

– Bəs şanssızlığı nədə sayırsınız?

– Mən deyə bilmərəm ki, hansı tərəfdən şanssızam. Bu tərəfdən də özüm şanslı sayıram ki, efirə çıxdığım vaxtdan tanınıb sevilmişəm. Təbii ki, ara-sıra iradlarını bildirən tamaşaçılar da olur.

– Tanınmış insanlar şəxsi həyatlarını çox vaxt gündəmə gətirirlər. Amma bunu sizdə heç vaxt görmədik.

– Bu, xarakterdən irəli gəlir. Şəxsi həyatla gündəmə gəlmək nə dərəcə doğrudur? Heç buna yaxşı da baxmıram. Sənət adamı gərək sənəti ilə gündəmdə qalsın. Bu, mənə yaddır. Müsahibələrimdə də bu haqda danışmağı sevmirəm.

– Aktyor kimi özünüzə hansı iradları tutursunuz?

– Belə hallar ara-sıra olur, amma onları demək istəməzdim (gülür). Onları əsas odur ki, özüm bilirəm. Hər gün özüm-özümlə hesablaşıram. Bəzən çəkildiyim seriallara da baxıram ki, görüm nəyi düz, nəyi səhv etmişəm. Bundan da bir nəticə çıxarıram.

– Teatrda nisbətən yaşlı aktyorlarla münasibətiniz necədir?

– Mən hamını deyə bilmərəm, ama özümə qarşı onlardan həmişə diqqət görmüşəm. Teatra gələn gündən məndən dəstəklərini əsirgəməyiblər. Həmişə də onların məsləhətlərinə qulaq asmışam. Çünki mən hələ də öyrənirəm.

– Anar üçün teatrın zirvəsi kim sayılır?

– Zirvəsi deməzdim, amma teatrda sənətinə, şəxsiyyətinə, mənliyinə hörmət etdiyim bir çox sənətkarımız var. Elə biri mənim kurs rəhbərim, teatrımızın direktoru Azərpaşa Nemətov. Məni teatra da Azərpaşa Nemətov dəvət edib. Bundan başqa Fuad Poladov, Nurəddin Mehdixanlı, Ramiz Novruz, Bəsti Cəfərova, Firəngiz Mütəllimova kimi sənətkarlara da böyük hörmətim var.

– Sənət adamlarının həyatı bəzən keşməkeşli olur. Bəzi hallarda sənətə gəldikləri üçün peşman olurlar.

– Məndə də bu cür keşməkeşlər olub, amma heç vaxt dilimə gətirməmişəm ki, mən niyə bu sənəti seçdim? Bəzən həmkarlarımdan eşidirəm. Onları da qınamıram, çünki sənətə gələndə insan bilmir ki, onun sənət taleyi necə olacaq. Mən özümə, sənətimə hörmət edirəm. Məşğul olduğum sənətə heç vaxt xəyanət etməmişəm.

– Televiziyadan çox ciddi insan təsiri bağışlayırsınız. Həyatda bəs necə, xasiyyətiniz necədir?

– Mən elə də göründüyü kimi deyiləm. Ola bilər ki, xarici görünüşüm bir az ciddidir. Amma hamı kimi bir insanam. Dostlarla otururuq, deyib-gülürük də. Sadəcə olaraq harada özümü necə aparmağı bilirəm, bunu dərk edirəm.

Əli Rəhimoğlu

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp