“Hədəf Bakıdır” filmi Los Ancelesdə marağa səbəb oldu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Los Ancelesdə yerləşən, ABŞ-ın ən böyük və məşhur tibb mərkəzlərindən olan Cedars-Sinai Tibb Mərkəzində nümayiş etdirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Milli.Az-a verilən məlumata görə, Konsulluğun təşəbbüsü və dəstəyi ilə keçirilmiş tədbirdə tanınmış həkimlər, xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, yerli KİV nümayəndələri, Azərbaycan, yəhudi və digər icmaların fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Cedars-Sinai Tibb Mərkəzinin tanınmış kardioloqu İzhar Xaruzi (Yzhar Charuzi) sözügedən filmin tarixi-ictimai yaddaşın qorunması, İkinci Dünya Müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından yüksək önəm daşıdığını bildirib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə Azərbaycan neft sənayesinin inkişaf tarixi haqqında danışaraq, 19-cu əsrdən başlayaraq neftin ölkəmizin sosial, iqtisadi və siyasi həyatında önəmli rol oynadığını qeyd edib. O, II Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edərək, müharibəyə gedən 700 min azərbaycanlıdan 400 mininin geri qayıtmadığını, bunun o vaxtkı Azərbaycan əhalisinin 10 faizini təşkil etdiyini söyləyib. Müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının rəşadəti və Bakı neftinin strateji rol oynadığını önə çəkən diplomat 1941-1945-ci illərdə Sovet ittifaqında neft hasilatının 70 faizdən, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyünü vurğulayıb. O, bütün bunlardan bəhs edən filmin Heydər Əliyev Fondunun mühüm dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi sayəsində ərsəyə gəldiyini və 2015-ci ildə məşhur “National Geographic” telekanalı vasitəsilə müxtəlif dillərdə bütün dünyaya yayımlandığını diqqətə çatdırıb. Baş konsul bildirib ki, filmin yaradılmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır.

Çıxışlardan sonra nümayişi etdirilən film tamaşaçıların gurultulu alqışları və böyük rəğbəti ilə qarşılanıb.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp