Diplomatiyadan idmana – Azərbaycanlı menecer xanımın uğur formulu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya departamentinin Media və Yayım Əməliyyatları üzrə meneceri Ayan Ağayevanın Milli.Az-a müsahibəsi:

 

Haqqında:

Təhsili: 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təqaüdçüsüdür. Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsini bakalavr kimi Beynəlxalq Münasibətlər ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra Çexiyanın Metropolitan Universitetində “Avropa Birliyi və Beynəlxalq münasibətlər” üzrə magistr dərəcəsi almışdır. 2013-2014-cü illərdə İdmanın Menecmenti, Sosiologiyası və Hüququ üzrə “FIFA Master” yüksək Magistr dərəcəsi almışdır.

İş təcrübəsi: Avropa Yenindənqurma və İnkişaf Bankının Azərbaycandakı nüməyəndəliyində Mətbuat Katibi vəzifəsində, 2012-ci ildə Azərbaycanda keçirilən FIFA U-17 Qadınlararası Dünya Çempionatında, daha sonra Azərbaycan Futbol Federasiyaları Assossiasiyasında (AFFA), İsveçrədə Avropa Klubları Assosiasiyasında (ECA) müxtəlif vəzifələrdə çalışmışdır.  “Odlar Yurdu” Universitetinin Biznesin təşkili ixtisası üzrə bakalavriatura və magistratura səviyyələrində “Biznesin təşkili” və “Korporativ struktur” fənlərini tədris etmişdir. Hazırda Formula 1 Bakı mərhələsinin promouteri olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya departamentinin Media və Yayım Əməliyyatları üzrə meneceri vəzifəsində çalışır.

– Ayan xanım, diplomatiyadan menecmentə, daha konkret desək, idman idarəçiliyinə keçid necə baş verdi?

– Deməliyəm ki, məktəb yaşlarından həm humanitar, həm də texniki sahələrə marağım olmağına baxmayaraq, gələcək ixtisas üçün seçim anı yaxınlaşanda humanitar sahəyə meylləndim. Nəticədə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinə daxil oldum. Universitetdə 4 il ərzində diplomatiyanın əsaslarına yiyələndikcə seçimimdə yanılmadığımı hiss edirdim. Fakültədə geniş bilikli və xarizmatik müəllimlərimiz var idi. Lakin beynəlxalq münasibətlər sahəsi maraqlı olduğu qədər də geniş və çoxşaxəlidir. Yaxşı mütəxəssis olmaq üçün təhsilimi başa vurub, bu sahədə daha dar və effektiv bir istiqamətdə irəliləməyə ehtiyac duydum. Bu minvalla da Çexiyanın Praqa Metropolitan Universitetində təhsil aldım. Orada “Avropa İttifaqı və Beynəlxalq münasibətlər” üzrə magistr təhsili və praktiki biliklər qazandım. Ümumiyyətlə, Beynəlxalq Münasibətlər sahəsində təhsil aldığım müddət ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, ATƏT-in Praqadakı Katibliyində və Brüsseldə, Avropa Komissiyasının təcrübə proqramlarında, demək olar ki, diplomatiyanın əlifbasını artıq öyrənmişdim və Bakıya qayıtdıqdan sonra özümü işimlə beynəlxalq təşkilatlarda təsdiqlədim. Beynəlxalq səviyyəli idman yarışlarının təşkili ilə ilk dəfə rastlaşmağım isə 2012-ci ildə Azərbaycanda keçirilən FIFA-nın 17 yaşadək qızlar arasında keçirilən futbol üzrə Dünya Çempionatına təsadüf etdi. Həmin vaxt bəlkə də bəzilərinə uğursuz görünən bir addım sonradan karyeramın dönüş nöqtəsi oldu. Belə ki, Bakıda 20 ildən çox fəaliyyət göstərən və 65 ölkədə nümayəndəliyi olan nüfuzlu bir qurum – Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) azyaşlı qızlar arasında Dünya Çempionatının müvəqqəti Yerli Təşkilat Komitəsinə keçdim. Bu keçid öz imkanlarımı kəşf etmək üçün üzümə qapılar açdı.

– Necə oldu ki, idman idarəçiliyi üzrə təhsil almaq qərarına gəldiniz?

– İdman yarışlarının passiv seyrçisi olduğum zaman bu yarışları tam məsuliyyəti ilə təşkil etməyin necə maraqlı və gərgin bir iş olduğunu təsəvvür etmirdim. 2012-ci ildə FIFA-nın U-17 Qadınlararası  Dünya Çempionatının Yerli Təşkilat Komitəsi, ardınca AFFA-da işlədiyim müddətdə bu işin mətbəxinə daxil oldum və proseslərə fərqli prizmadan yanaşmağa başladım. Anlayırdım ki, elit idmançıların qatıldığı və milyonlarla televiziya azarkeşi olan yarışları təşkil etmək üçün bir mütəxəssis kimi fundamental, hətta belə demək olarsa, 360 dərəcəlik baxış bucağına sahib olmağa ehtiyacım var. Belə bir yanaşmaya və bacarıqlara yiyələnmək üçün bu işi peşəkarlardan öyrənmək istəyirdim. Çünki həmin dövrdə əhatəmdəki insanlar, həmkarların və iş tərəfdaşlarım da mənim kimi əslində, digər sahələrdə təhsil alıb idman sferasında çalışan kadrlar idi. İki ay davam edən araşdırmalardan sonra o vaxt üçün FIFA-nın dünya reytinqlərində ikinci və Avropa reytinqlərində birinci olan idman menecmenti üzrə yüksək magistr proqramında əyani təhsil almaq üçün müraciət etdim. Onu da deyim ki, son 3 ildə bu proqram artıq dünya reytinqlərində də birinciliyə yüksəlib . Yəqin ayağım düşərli oldu… (Gülür-İ.İ)

Sənəd qəbulu işin yalnız başlanğıcı idi və belə bir reytinqli proqrama elə ilk müraciətdən sonra qəbul olmaq mənə inandırıcı gəlmirdi. Əsla pessimist biri deyiləm, lakin nəzərə alsaq ki, idman industriyası daha çox əks cinsin nümayəndələrinin dominant olduğu bir sahədir, üstəlik, baş vurduğum proqramın mövcud olduğu 15 il ərzində onun məzunlarının coğrafiyasında bir nəfər də olsun həmyerlim olmamışdı, müsabiqədən keçmək mənə xəyal kimi görünürdü.

Lakin, görünür, cəsarətim mənə cığır açırdı və 4 ay ərzində 3 mərhələdən ibarət müsabiqə nəticəsində bu unikal proqramda təhsil almaq şansı və FIFA-dan qismən təhsil təqaüdü qazandım. 2200 müraciətçi arasından seçilmiş 24 nəfərin sırasına düşmüşdüm və artıq sentyabr ayında təhsilimə başlamaq üçün may ayında tam təhsil haqqını ödəyib yay tətilinin bitməsini gözləmək qalırdı. Lakin daha öncəki 2 illik magistr təhsilimin haqqı tamamilə ailəm tərəfindən ödənilmişdi deyə, ardından ikinci magistratura təhsilim üçün təhsil və yaşayış xərcələrini ödəməkdən ötrü təqaüd axtarmalı idim. Başqa sözlə, bu proqrama qatılmaq üçün tam təhsil təqaüdü almağım həlledici idi, əks halda müsabiqə yolu ilə qazandığım yeri, gözləmə siyahısında olan başqa bir namizədə güzəştə getməli olacaqdım. Üstəlik, diplomatiyadan idmana radikal ixtisas dəyişməsinin bir addımında idim və təbii ki, düşüncələrlə, dilemmalarla üz-üzə qalmışdım. Vaxt isə əksimə işləyirdi.

Belə bir tərəddüdlü məqamda Gənclər və İdman naziri Azad Rəhimovun dəstəyi həlledici oldu və cənab nazirin müsbət tövsiyə məktubu əsasında 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təqaüd proqramına müraciət etdim və müsbət cavab aldım. Ümumiyyətlə, Azad Rəhimovun istər Azərbaycanda, istərsə də ölkə xaricində yaşayan gənclərin peşəkar və ictimai fəaliyyətinə proqressiv yanaşması var. İndi bəzən hadisələrin gedişini bir daha nəzərdən keçirəndə düşünürəm ki, o vaxt mənim əvəzimə çoxdan qərar verilmişdi və mən nəyin bahasına olursa olsun, təhsilə yollanmalı idim.

– Dünyada bir nömrəli idman menecmenti proqramında təhsiliniz necə keçdi? Ümumiyyətlə, bu proqram özündə nəyi ehtiva edir? Mümkünsə, bu barədə daha ətraflı məlumat verərdiniz…

– “FIFA Master” yüksək magistr proqramına 1 illik əyani təhsil üçün getdim. Deməliyəm ki, proqram prestijli olduğu qədər də intensiv idi. Fikrimcə, 1 illik proqramın tərkib hissəsi kimi 3 ölkədə 3 fərqli universitetin tələbəsi olmaq, idman menecmentinin tarix-sosiologiya, menecment və kommunikasiya, nəhayət, hüquqi baza kimi 3 alt ixtisasına yiyələnmək, saysız-hesabsız imtahanlar, idman obyektlərinə səfərlər, üstəlik, təhsilin 11-ci ayında diplom müdafiəsi etmək, hətta ən həvəsli tələbə üçün də ağır sınaqdır.

Arayış üçün bunu deyə bilərəm ki, proqram elə qurulub ki, tələbə Avropanın aparıcı idman ölkələri olan Böyük Britaniya, İtaliya və nəhayət, İsveçrənin idman mühitində olsun, akademik və praktiki biliklərə yiyələnə bilsin. Məqsəd bura gələn tələbəni təhsilini bitirdikdən sonra deyil, artıq təhsil prosesində tələbə statusundan çıxarıb tam bir idman meneceri səviyyəsində formalaşdırmaqdır. Bu 11 ay ərzində şəxsi istirahət vaxtından imtina etməli olursan. Belə ki, 5 günlük ağır dərs rejiminin ardından şənbə günləri idman obyektlərinə, klublara, sponsor şirkətlərə və ən önəmlisi, beynəlxalq federasiyaların mənzil qərargahlarına səfərlər bizim qeyri-ənənəvi tədris prosesimizin icbari bir hissəsi idi. Təəssüf ki, heç də hamı bu proqramı sona çatdıra bilmir. Ən çətin anlarda tələbə yoldaşlarımla formalaşdırdığımız komanda ruhu çox köməyə gəlirdi. Dünyanın 22 ölkəsindən olan 24 nəfər tələbə idik. Hərənin öz fərqli təcrübəsi və özünün mütləq üstünlükləri var idi. Lakin çox qısa zaman kəsiyində anladıq ki, rəqabətli mühitdə təhsil alan iddialı gənc insanlar olmağımıza baxmayaraq, bir-birimizə qarşı deyil, bir-birimizin yanında olmaq şərtdir. Gərgin dərs proqramının öhdəsindən gəlməyin ən effektiv üsulu imtahanlara birgə hazırlaşmaq, dərsdən kənarda etdiyimiz mütəmadi idman, qısa və uzun məsafəyə marafon qaçışları, futbol oynamaq və hər birimizə aid olan müxtəlif mətbəxlərin təamlarını hazırlamaq olurdu. Hətta diplom müdafiəmizin ən qızğın çağında belə 2014-cü il DÇ oyunlarını birgə izləməyə vaxt tapırdıq. Hələ Bakıda olarkən proqram haqqında gözləntilərim müxtəlif idi, amma əminliklə deyə bilərəm ki, təhsil mənə çox şey verdi. Bura həm mənim dünyagörüşümün formalaşmasında, həm də inkişaf etmiş ölkələrdə idman və əyləncə sahəsinin insanların həyatında nə dərəcədə önəmli yer tutduğunu anlamağımda mühüm rol oynadı. İngiltərənin mühafizəkar idman ənənələri ilə tanışlıq, ardından Bokkoni Menecment məktəbindəki tələbəlik dövrüm, Milanın biznes və dəbdəbəyə meylli qaynar idman mühiti və nəhayət, idmanın təməl qaydalarının, nizamnamələrin yazıldığı və diktə olunduğu İsveçrə, orada Beynəlxalq Federasiyalara səfərlər, forumlar, konqreslər, eləcə də Olimpiya paytaxtı Lozannada keçirdiyim vaxt mənə çox şey öyrətdi.

Lakin ikinci təhsilim müddətində anladım ki, diplomatiyadan kəskin uzaqlaşmamışam. Çünki idman sağlam və səmərəli əqli-fiziki durumun əsas şərti olmaqla yanaşı, beynəlxalq münasibətlər müstəvisində elm, iqtisadiyyat və s. önəmli sahələrdən biridir. Belə ki, dünya təcrübəsində inkişaf etməkdə olan ölkələrdə, yaxud da post-konflikt ölkələrində sülh, bərpa-quruculuq proseslərində idman da səmərəli bir vasitə kimi geniş tətbiq olunur.

– Hazırda Azərbaycanda xüsusi nüfuzlu idman layihələrindən biri olan Formula 1 layihəsində çalışırsınız. Bəs, necə oldu ki, təhsilinizi başa vurub Bakıya qayıtdınız? Axı başqa seçimləriniz də var idi…

– Düşündüm ki, qazandığım bilik və təcrübəni öz vətənimdə tətbiq etməli, ölkəmizdə keçirilən idman layihələrinə öz töhfəmi verməliyəm. Buna görə də Azərbaycandakı uzunmüddətli perspektivləri  İsveçrədəki qısamüddətli perspektivlərdən daha üstün tutdum. Bakıya qayıdıb “Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin” sıralarına qatıldım. Əslində, “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” qurumun indiki adıdır. O vaxtlar şirkət “Baku Grand Prix” adlanırdı. Adlandırmadan tutmuş struktura qədər hər şey sıfırdan qurulurdu və bu işdə tam səlahiyyət milli kadrlara verilmişdi. Bu mənim üçün böyük məsuliyyət olduğu qədər də böyük motivasiya idi. Şirkətdə ilk günlərdən kövrək addımlarla irəliləyib, arxada qoyduğumuz 2017-ci il Formula 1 Dünya Çempionatı təqvimində  “Mövsümün ən yaxşı yarışı” tituluna qədər gəlib çatdığımız üçün qürur duyuram. Təşkilat Komitəsinin Marketinq və Kommunikasiya departamentindəki gündəlik fəaliyyətim bilavasitə yerli və xarici mətbuat və yayım şirkətləri ilə bağlıdır. Stressli olduğu qədər də əhəmiyyətli bir iş üçün çalışdığımın fərqindəyəm. Belə ki, bütün digər şöbələrdə böyük zəhmət çəkən, əlavə iş saatlarında çalışması adi hal alan həmkarlarımın əməyi – bütövlükdə Formula 1 üzrə Dünya Çempionatının Azərbaycan mərhələsini həyata keçirən insanların əməyi mediada öz əksini tapır, yəni komitənin imici bu şəkildə formalaşır. Bu imicin müsbət formalaşması üçün isə bizim media ilə işimiz müvafiq şəkildə müsbət və peşəkar şəkildə qurulmalıdır. Ümumiyyətlə, ilk gündən media nümayəndələri ilə iş birliyimiz şəffaflıq və peşəkarlıq prinsipləri əsasında qurulub və yarışı işıqlandıran KİV nümayəndələrinə xidmət məqsədilə tərəfimizdən bir sıra tədbirlər görülür.

– Bəs indi qarşıya hansı məqsədləri qoymusunuz? Karyeranızda çatmaq istədiyiniz daha hansı peşəkar zirvələr var? Özünüzlə tək qaldığınız zaman bu barədə nə düşünürsünüz?

– Düşünürəm ki, Azərbaycan bir ölkə kimi son illərdə idman sahəsində apardığı işlərlə öz sözünü deyə bilib və istər beynəlxalq səviyyəli yarışlarda iştirak, istərsə də yarışların təşkilində qazandığımız və hətta başqa ölkələrlə paylaşa biləcəyimiz bilik və təcrübə toplusu var.

Lakin idmanın imkanları və insanların həyatındakı rolu daha çoxdur və daha fundamental addımlar tələb edir. Fikrimcə, bu sırada seçilə biləcək 3 önəmli fəaliyyət istiqaməti silsilə tədbirlər görülməsini tələb edir.

Birincisi, ölkədə idmançıların idmandan sonrakı karyerasına hesablanmış ali təhsil və peşə ixtisasının tədrisi ilə bağlı dövlət və sosial layihələrin həyata keçirilməli olduğunu düşünürəm.

Bu sırada ikinci istiqamət kimi, fiziki məhdudiyyətləri olan gənclərin paralimpiya idman növünə cəlb olunması üçün tələb olunan tam bir paralimpiyaçı anturajının yaradılması üzrə işlərin aparılmasını qeyd edə bilərəm. Paralimpiyaçının anturajı dedikdə, buna “fiziki məhdudiyyətli” adlandırdığımız fərdlərin ailələrinin maarifləndirməsi, onların gələcək paralimpiyaçı atletin həyatında müsbət iştirakının təmin edilməsi, idman infrastrukturlarının bu cür gənclərin hazırlıq məşğələləri üçün inkluziv hala gətirilməsi və s. müxtəlif tədbirləri misal gətirmək olar.

Nəhayət, üçüncüsü, gənc və orta yaşlı əhali arasında idmanın şaxələndirilməsi də az əhəmiyyəti olmayan növbəti amildir. Burada istər sıravi vətəndaşların, istərsə də peşəkar  idmançıların həyat tərzi özündə bir neçə idman fəaliyyətini birləşdirməlidir. Məsələn, İsveçrədə olarkən, orta statistik bir gəncin çimərlik voleybolu, bal rəqsləri və xizəksürmə kimi 3 müxtəlif idman növlü ilə eyni anda yarı-peşəkar şəkildə məşğul olduğunu anlayanda, belə demək olarsa, mədəniyyət şoku keçirmişdim. Bu səbəbdən də idman sahəsində təşkilatçılıq işləri ilə yanaşı, insanlarin taleyine bilavasitə təsir edən yeni layihələrə imza atmaq ən böyük arzumdur. Lakin qeyd etdiyim kimi, bu yalnız dövlət tərəfindən aparılan idman siyasəti nəticəsində öz həllini tapacaq məsələ deyildir – burada bütün cəmiyyət mexanizm kimi çalışmalıdır. Məsələn, özəl şirkətlər öz sosial məsuliyyət layihələrini bu istiqamətə yönəldə bilərlər. Yaxud da ali məktəblərdə hal-hazırda menecment ixtisasısının tədris olunduğu bakalavr və magistr dərəcələrində tələbələrə idmanın tətbiqi və kommersiya tərəfləri ilə bağlı müvafiq biznes modellər hazırlanmasının həvalə olunmasını məqsədəuyğun hesab edirəm.

– Sizcə həyatda uğur qazanmaq üçün nədən başlamaq lazımdır? Bununla bağlı digər gənclərə nələri tövsiyə edərdiniz?

– Şəxsi təcrübəmdən çıxış edərək deməliyəm ki, təsadüfi uğurlar nadir hallarda rast gəlinir. Hətta rast gəlinsə də, belə bir təsadüfi uğurun başgicəlləndirici xarakteri olur. Hər bir gənc öz sahəsində uğurlara nail olmaq və soyuq başla zirvədə dayana bilmək üçün müvafiq adekvat bilik və təcrübə sahibi olmalıdır. Bilik və təcrübələr isə böyük əzm və zəhmət  hesabına qazanılır. Mən gənclərimizə əzmli olmağı və hansı sahədə olursa olsun, özlərindən əvvəlki hazır nəzəriyyələrin və təcrübələrin üzərinə yeni təcrübələr gətirmək üçün cəhd etməyi tövsiyə edərdim. Axtarış prosesində səhvlər və uğursuzluqlar, təbii ki, labüddür və olacaq. Lakin axtarış və eksperimentlər aparmamaq sui-qəsdə bərabər davranışdır. Mahatma Qandidən çox sevdiyim bir sitat gətirmək istəyirəm: “(Dünyada) Görmək istədiyiniz dəyişikliyin özü olun”.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp