Nazim İbrahimov İordaniya kralı ilə görüşüb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İordaniya Kralı II Abdullanın dəvəti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyəti İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərinə səfər edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, İordaniya Haşimilər Krallığına səfər edən nümayəndə heyətində Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko, Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov, İsgəndəriyyə Kitabxanasının Direktoru, NGBM həmsədri İsmayıl Seragəldin, Ərəb Dövlətləri Liqasının sabiq Baş Katibi Əmr Musa, Serbiya Respublikasının sabiq Prezidenti Boris Tadiç, Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Çex Respublikasının sabiq Baş naziri Jan Fişer, “Ukrayna 3000” Beynəlxalq Xeyriyyə Fondunun Müşahidə şurasının sədri Katerina Yuşenko və digər nüfuzlu siyasi xadimlər təmsil olunub. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edib.

Yaxın Şərqdə dialoqun təşviqi məqsədilə baş tutan səfər çərçivəsində İordaniya Kralı II Abdulla sabiq dövlət və hökumət başçılarından ibarət NGBM üzvlərini qəbul edib. ABŞ vitse-prezidenti Mayk Pensin Yaxın Şərqdə İordaniyaya səfəri ilə eyni tarixə təsadüf edən görüş zamanı bölgədəki hadisələr, xüsusilə də Fələstin-İsrail münaqişəsi və Qüdsə dair məsələlər müzakirə edilib.

Kral II Abdulla bölgədə ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədilə Fələstin-İsrail sülh prosesini canlandırmaq üçün səyləri artırmağa çağırıb. O deyib ki, Qüds məsələsi yekun status və beynəlxalq qanunlar, BMT-nin müvafiq qətnamələri əsasında əldə olunmuş sülh sazişi çərçivəsində həll edilməlidir. Kral II Abdulla Fələstin məsələsi həll olunmadan bölgədə sülh və sabitliyin olmayacağını vurğulayıb. Görüşdə bölgədəki böhran, terrorizmlə mübarizədə göstərilən səylər, Suriya qaçqınlarının yerləşdirilməsi ilə bağlı İordaniyanın üzləşdiyi çətinliklər də müzakirə olunub.

Görüşdə Mərkəzin həmsədri İsmail Serageldin NGBM haqqında və onun təşkilatçılığı, dəstəyi ilə həyata keçirilən layihələr barədə Kral II Abdullaya məlumat verib. Bildirib ki, NGBM son dövrlərdə beynəlxalq əlaqələrini daha da genişləndirir, dünya miqyasında tanınan nüfuzlu təşkilatlar, aparıcı dövlətlərlə əməkdaşlığın qurulması və inkişafı sahəsində fəaliyyətini davam etdirir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp