19 yaşlı Əmrah mağaza sahibini niyə öldürüb?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Mağaza sahibini öldürməkdə təqsirli bilinən şəxs hakim qarşısına çıxarılıb. O, 20 yaşını həbsxanada tamamlayıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Əlizadə Əmrah Xanlar oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Əmrah Əlizadənin qonşusu olan mağaza sahibi Hacıbaba Məmmədova 30 manat borcu olub. Borcun bir hissəsini ödəyən zaman aralarında mübahisə yaranıb. H.Məmmədov borcun hamısını tələb edib.

Bu zaman mübahisə davaya çevrilib. Ə.Əlizadə cibindəki bıçaqla Hacıbaba Məmmədovun baş nahiyyəsinə bir zərbə vurub. Əlindəki bıçaq sınıb. Daha sonra mağazada olan mətbəx bıçağını götürərək Hacıbaba Məmmədovun baş və boğaz nahiyyələrinə zərbələr endirib. İttihamda qeyd edilir ki, həmin bıçaq əlindən düşəndən sonra Ə.Əlizadə daha bir mətbəx bıçağı götürərək Hacıbaba Məmmədova daha bir neçə zərbə endirib və oradan qaçıb.

Əmrah Əlizadə özünü qismən təqsirli bilib və deyib ki, istintaq qərəzli aparılıb.

Sərbəst ifadə verən Ə.Əlizadə hadisənin təfərrüatını belə danışıb: “Ötən il yanvarın əvvəlində Hacıbaba Məmmədova 30 manat borcum olub. Kənd adamı kimi ondan nisyə mal alırdım. Kənd yeridir, hamı mağazadan nisyə alıb, ayın sonu verir. Dəfələrlə ondan borca mal alıb qaytarmışam. 6 yanvarda mağazaya gəldim. Hacıbaba kişiyə dedim ki, borcumu səhər qaytaracam. Atamla “Vosmoy” bazarında işləyirdim. Ayın 7-də gecə evdə yemək yeyib, 12 manat götürüb mağazaya getdim ki, borcun bir hissəsini verim. 12 manatı verəndə Hacıbaba kişi dedi ki, “söz vermisən ki, pulu gətirəcəksən”. Mən də dedim ki, insanlıqdır, indi yoxumdur. Qalanını da sabah işdən gələndə verəcəm. Başladı ana-bacı söyüşü söyməyə. Əlini atdı boğazıma. Dedi ki, “səni öldürəcəm”. Məni yerə yıxıb üstümdə oturdu. Başladı məni boğmağa. Artıq bədənim keyidi. O, mənim öldüyümü fikirləşib, üstümdən durdu”.

Ə.Əlizadə deyir ki, mağazadan qaçmaq istəyərkən Hacıbaba Məmmədov yenidən onun qarşısını kəsib və əlindəki bıçağı ona tərəf uzadıb: “Mağazadan çıxmaq istəyəndə məni yenə tutdu. Əlində olan bıçağı götürüb, mənə tərəf gəldi. Qarnıma vurmaq istədi. Əlimlə bıçağı tutdum. Bıçağı tutanda əlim iki yerdən kəsildi. Bıçağı əlindən alanda ikinci bıçağı götürdü. Məni vurmaq istəyəndə mən də əlimdəki bıçağı ona tərəf fırlatmağa başladım. Bıçağı müxtəlif istiqamətlərə fırlatdım. Onu öldürmək niyyətim yox idi. O, məndən güclü idi. Mən onunla bacara bilməzdim. Özümü qorumaq niyyət ilə onu vurdum. Sonra da qorxub qaçdım”.

Mərhumun hüquqi varisi kimi onun xanımı Gülnarə Məmmədova bu sözlərə etiraz edib.

O, bildirib ki, 26 bıçaq zərbəsi vurmaqla özünü müdafiə etmək niyyəti yox, onu öldürmək niyyəti olub: “Bir bıçaq vurub qaçardın”.

Dövlət ittihamçısı bildirib ki, ekspertiza rəylərində göstərilir ki, mərhuma 25 bıçaq zərbəsi vurulub. Prokuror təqsirləndirilən şəxsə sual verib ki, “əgər özünü müdafiə etmək niyyətin olubsa, bu qədər zərbə niyə vurubsan?”

Əmrah Əlizadə söyləyib ki, bıçağı sağa-sola fırlatdığı üçün mərhuma neçə zərbə dəydiyini bilməyib. Dövlət ittihamçısı dəqiqləşdirmə üçün bir daha Əmrahdan həmin zərbələrin onun tərəfindən vurulub-vurulmadığını soruşub.

Ə.Əlizadənin cavabı belə olub: “Yəqin ki, elə olub. Tam xatırlamıram”.

Suallara cavab verən Əmrah hadisəni törədən zaman 19 yaşı olduğunu, həbsxanada 20 yaşını tamamladığını söyləyib. Orta təhsilinin belə, olmadığını deyən Ə.Əlizadə istintaqda bəzi məqamlarda fərqli ifadələr verməsini savadının olmaması ilə izah edib.

“3-cü sinifə qədər oxumuşam. Sonra da atama kömək eləmişəm. Bazarda göy-göyərti satırdıq” – deyən Ə.Əlizadə üzərində bıçaq gəzdirməsinin səbəbini də izah edib.

Onun sözlərinə görə, göyərti satdıqları üçün həmişə ip kəsmək üçün cibində bıçaq olub. Həmin bıçaqdan gün ərzində istifadə edirmiş.

Ə.Əlizadə suallara cavabında bildirib ki, bu əməlinə görə peşmandır: “Kim 30 manata görə adam öldürər? Bıçaq mənim əlimdə idi. İstəsəm onun ürəyindən, qarnından vurardım. Kim-kimi gözündən vurub öldürər? Əlindən qurtulmaq üçün bıçağı sağa-sola vurmuşam. Ekspertiza rəy verib ki, 20-dən çox zərbə var. Amma bircə sağlamlığa ağır zərər vuran bıçaq zərbəsi var. Qalanları cızıqdır”.

Hakim də bildirib ki, ekspertizanın rəyindən görünür ki, mərhumun ölümünə səbəb sol göz nahiyyəsinə aldığı ağır zərbədir.

Ə.Əlizadə isə həmin zərbəni nə vaxt vurduğunu xatırlamır: “Qan çıxanda qorxdum. Nə vaxt dəydiyini bilmirəm”.

Ekspertiza rəyində mərhuma dəymiş digər az ağır zərbənin isə baş sümüyündə olduğu göstərilir. Məhkəmədə mərhumun həyat yoldaşı Gülnarə Məmmədova da ifadə verib.

O, deyib ki, mağazada saat 7-yə qədər oğlu, 7-dən 12-yə qədər isə yoldaşı olurmuş. Hadisə baş verən gün gecə saat birin yarısı olsa da həyat yoldaşının gəlmədiyini görüb narahatçılıq keçirib: “Bəzən olurdu ki, kənd camaatı ilə yığışıb söhbət edirdilər. Ona görə də bir az da gözlədim. Dedim yəqin gələr. Bir az keçəndən sonra yoldaşıma zəng elədim. Telefonu açdı. Mağazadan televizorun səsi gəlirdi, Hacıbaba cavab vermədi. Sonra telefonum söndü. Bir az keçdi telefonuna yenə zəng elədim. Çağırsa da götürmədi. Bir neçə dəqiqə sonra qardaşım zəng elədi. Dedi ki, “qorxma heç nə olmayıb. Hacı mağazada bir nəfərlə dava edib. Qaçaraq mağazaya gəldik. Gördüm ki, hər yer qan içindədir. Təcili yardıma zəng elədik. Tez xəstəxanaya getdik”.

Gülnarə Məmdovanın ifadəsindən məlum olub ki, mərhum Hacıbaba Məmmədov xəstəxanaya çatdırılanda sağ olub və reanimasiya şöbəsinə yerləşdirilib. Hətta müstəntiqə ifadə də verib.

Həmin ifadəsində təqsirləndirilən Əmrahdan şikayətçi olmadığını deyib. Gülanarə Məmmədova buna etiraz edib. Söyləyib ki, həyat yoldaşı reanimasiyada olarkən huşsuz vəziyyətdə olub: “Huşu özündə olmayıb. Doğru deməyib. Necə olub ki, Hacıbaba o vəziyyətdə Əmrahla eyni cür ifadə verib? Mən onun yanına gedəndə özündə deyildi. Danışıqlarından huss edirdim. Axı o cür yara alan adamdan necə ifadə almaq olardı?”

Zərərçəkmiş təsdirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Əmrah Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb. Hacıbaba Məmmədov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatının xilas etmək mümkün olmayıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp