İran Dünya Çempionatını keçirməkdə Qətərə kömək edəcək?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Economist” yazır ki, 2022-ci il Dünya Futbol Çempionatının Qətərdə keçirilməsi həmişə böyük regional hadisə kimi qiymətləndirilib.

Bu səbəbdən Körfəzin başqa ölkələri də böyük futbol tədbirinin qonaqlanmasında Qətərə dəstək və yardım vəd edirdilər. Zəngin neft ölkələri deyirdilər ki, bu məqsədlə hətta öz otellərini və stadionlarını da təklif edə bilərlər.

Birləşmiş Ərəb Əmirlikləri isə bir az daha səxavətli tərpənərək bəzi matçlara ev sahibliyi etməyə hazır olduğunu elan edirdi. Amma bütün bunlar ötən ilin iyun ayına kimi olmuşdu.

Bundan az sonra BƏƏ, Səudiyyə Ərəbistanı və Bəhreyn Qətərlə diplomatik əlaqələrini kəsdilər. Onlar Qətəri terrorçu qruplaşmaları maliyyələşdirməkdə və ən əsası İranla yaxınlaşmaqda ittiham edirdilər.

“Economist” yazır ki, çox güman bu keçmiş dostların hazır dayanan əvəzi var: İran.

İran hazırda Qətəri ərzaq malları ilə təchiz edərək onun Səudiyyə tərəfindən təşkil edilmiş blokadasını yarır.

Məqalədə deyilir ki, İran Dünya Çempionatının iştirakçıları və qonaqları üçün özünün lap yaxınlıqda yerləşən Kiş və Gəşm adalarındakı dəbdəbəli otellərini təklif edə bilər.

Hərçənd bu, futbol xuliqanlarının çox da xoşuna gəlməyəcək, çünki İranda şəriət qaydalarına uyğun olaraq alkoqollu içkilər qadağandır.

“Economist” yazır ki, hətta blokada problemindən əvvəl də, futbol mədəniyyəti və təcrübəsi olmayan qızmar iqlimli Qətərin bu yarışa necə ev sahibliyi edəcəyi narahatlıqlar doğururdu.

Lakin indi Qətərin seçimi yoxdur. O 2022-ci ilədək 100 min otaqlıq otellər tikməyi vəd etsə də, ekspertlərin fikrincə 45 min otağa ancaq gücü çatacaq.

Müqayisə üçün deyilməlidir ki, Almaniya 2006-cı ilin Dünya Çempionatı zamanı 2 milyon xarici tamaşaçını qəbul etmişdi.

Bu il Rusiyada keçiriləcək Dünya Çempionatında 1 milyondan çox əcnəbi qonaq olacaq.

2022-ci ilin çempionatı üçün Qətərin stadionları da çatışmaya bilər. Qətər 2022-ci ilədək 12 stadion vəd etmişdi, amma indi 8 stadiona gücü çatacağını etiraf edir.

“Economist” yazır ki, bəzi matçların İranda keçiriləcyi ağlabatan görünmür, amma buna baxmayaraq bu ölkədə qadınların stadionlara girişinin qadağan olması artıq indidən siyasi müzakirələrə səbəb olub.

Qətər qonaqların yerləşdirilməsi məqsədilə çoxsaylı kayutları olan kruiz gəmilərini sifariş etməyi və hətta miqrant işçilər üçün tikilmiş otaqları (əlbəttə əməlli-başlı təmirdən sonra) əcnəbi qonaqlar üçün hazırlamağı düşünür.

Məqalədə deyilir ki, Küveyt, Oman və İordaniya Qətərlə diplomatik münasibətlərini saxlayıblar və bu baxımdan nəzəri olaraq Qətərə kömək edə bilərlər. Amma bu ölkələrdən hələlik səs çıxmır.

Yeni il axşamı BƏƏ dünyanın ən hündür binası olan Bürc Xəlifənin üzərinə bütün dünya ölkələrinin bayraqlarını proyeksiya etmişdi…Qətərin bayrağından başqa.

Səudiyyə isə bu yaxınlarda keçirdiyi şahmat turnirində Qətər bayrağının olmasına icazə verməyib.

İranın çempionata qarışması ABŞ və İsrail azarkeşləri üçün də mürəkkəblik yarada bilər. Hərçənd bu iki ölkə dünya çempionatına vəsiqə almayıb.

Qətər Dünya Çempionatının təşkilat komitəsindən Hassan ət-Tavadi deyib ki, ölkə hamını qonaqlamağa hazırdır.

“Əgər Şimali və Cənubi Koreya olimpiada üçün bir araya gələ biliblərsə, Yaxın Şərq bunu Dünya Çempionatında niyə edə bilməsin?” – deyib rəsmi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp