20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq günüdür



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Respublikanın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də Qanlı Yanvar faciəsində şəhid olanların xatirəsi anılıb.

Əvvəlcə 20 Yanvar faciəsində Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib və şəhidlərin ruhuna dualar oxunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 28 il bundan əvvəl törədilən 20 Yanvar faciəsinin təkcə hüzn günü kimi yox, eyni zamanda, tariximizin şərəf və qəhrəmanlıq günü kimi yaddaşlarda qaldığını qeyd edib.

Elmar Vəliyev bildirib ki, 20 Yanvar və tariximizdə ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə Azərbaycan xalqı hər zaman olduğu kimi öz qürurunu itirmədi, onun iradəsi qırılmadı.

Elmar Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, Gəncə şəhərinin şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən 371 şəhidin məzarı var. Onlardan 49-u naməlum, 1-i isə şəhid qadının məzarıdır.

Şəhid anası Minayə Piriyeva çıxış edərək Qanlı Yanvar gecəsi baş verən hadisələri ürəkağrısı ilə xatırlayıb. Minayə Piriyeva Vətən uğrunda canını qurban verən şəhidlər ilə fəxr etdiyini bildirib. Həmçinin dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan minnətdarlıqla danışıb.

Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən şəhidlərin xatirəsinə həsr olunan “Qan Yaddaşı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, məzarlar üzərində gül dəstələri qoyulub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

X X X

Qanlı Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Naftalan şəhərində faciə qurbanlarının xatirəsinə həsr olunmuş geniş anım tədbiri keçirilib.

Tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyə və təhsil işçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Xatirə Kompleksini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra şəhidlik zirvəsinə yüksəlmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

X X X

20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Daşkəsən rayonunda da dərin ehtiramla yad edilib.

Daşkəsən rayonunda Qanlı Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbirdə bildirilib ki, faciənin ildönümü ilə bağlı yanvarın 5-dən 20-dək rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində “dəyirmi masa”lar, müzakirələr və digər geniş anım tədbirləri keçirilib. Həmçinin mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş fotostend, rəsm və kitab sərgiləri hazırlanıb, kitabxanalarda oxucu konfransları təşkil olunub, faciə ilə bağlı məruzələr oxunub, xüsusi dərslər keçilib.

Qeyd edilib ki, hər il Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi xalqımız tərəfindən böyük ehtiramla anılır.

20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə Şəhidlər xiyabanında ümumrayon anım mərasimi təşkil olunub.

Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edib, üzərinə tər gül və çiçəklər düzüblər.

Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

X X X

Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Anım tədbirində Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, müəssisə, idarə rəhbərləri, rayon ziyalıları və N saylı hərbi hissənin bir qrup əsgər və zabit heyəti iştirak edib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 20 Yanvarın təkcə xalqımızın apardığı azadlıq mübarizəsinin zirvəyə qalxdığı gün kimi deyil, həm də 70 illik imperiya buxovundan sıyrılaraq müstəqillik uğrunda əzmkarlığını nümayiş etdirdiyi gün kimi tariximizin şərəfli səhifəsi olduğunu vurğulayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp