Asqırmanın qarşısını almaq niyə təhlükəlidir?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“The Telegraph” qəzeti yazır ki, qatarda gedərkən asqırmanı burnunuzu sıxmaqla saxlamaq istəməyiniz və ya ağzınızı tutmağınız başqalarına qarşı ədəbli davranış sayıla bilər, amma həkimlərin xəbərdarlığına görə, belə “ədəblilik” sağlamlığınıza baha otura bilər.

Həkimlər belə sərt xəbərdarlığı bir kişi “burnundakı qeyri-ixtiyari hava partlayışının” qarşısını əli ilə almağa çalışarkən boğazının arxa divarını yırtdıqdan sonra veriblər.

34 yaşlı bu şəxs xəstəxanaya gətirilərkən nə udquna, nə də danışa bilirdi. Onun barmaqları ilə burun pərlərini sıxaraq asqırtını saxlamağa çalışması belə ağır nəticə verib.

Həkimlər onu müayinə edərkən həm də boğazından döş qəfəsinədək uzanan məsafədə xırıltıya bənzər səslər eşidiblər.

Rentgen nəticələrindən məlum olub ki, onun saxladığı hava axını tərsinə hərəkət edərək daxili əzələlərin divarlarına dirənib.

İngiltərədəki Leicester Universitetləri Xəstəxanasının qulaq, burun, boğaz mütəxəssisləri sözü gedən şəxsin xəstəlik tarixçəsini BMJ jurnalında dərc ediblər.

Onlar bu qərara gəliblər ki, asqırmanın güclə dayandırılması “çoxsaylı fəsadlara”, hətta ölümcül beyin anevrizminə səbəb ola bilər.

“Asqırmanın qarşısını burun dəliklərini və ağızı bloklamaqla saxlamaq çox təhlükəli manevrdir və bundan çəkinmək lazımdır, – tədqiqatı aparan professor Wanding Yang deyib, – Bu bir sıra fəsadlara, məsələn pnevmomediastinum (iki ağ ciyər arasında hava qalması), qulaq pərdəsinin yırtılması və hətta beyin anevrizmi (beyindəki qan damarlarının şişməsi) kimi hallara səbəb ola bilər”.

Həkimlər deyirlər ki, xəstəxanaya gətirilmiş cavan kişinin vəziyyəti Burhave sindromundakı vəziyyətə bənzəyirdi. Burhave və ya qida borusunun yırtılması adətən intensiv qusma hallarında baş verir. Lakin bu xəstədə yırtılma boğazın yuxarı hissəsində, dilin arxasındakı udlaqda baş vermişdi.

Milli.Az BBC-yə istinadən bildirir ki, Amerika alimlərinin hesablamalarına görə, asqırtı saatda 320 kilometr sürətlə hərəkət edən çox güclü hava axınıdır. Belə axın qırıntıları 7 metr məsafəyə ata bilir.

“The Telegraph” yazır ki, həkimlər indiyədək asqırmanı saxlayan adamlarda qulaq pərdəsinin yırtılması, gözün qan damarlarının partlaması, üz sinirlərinin zədələnməsi və hətta qabırğanın sınması kimi nəticələri müşahidə ediblər.

Həkimlər deyirlər ki, elmi dildə adı sternutasiya olan asqırmanın öz mənası və funksiyası var.

Bu potensial baxımdan ziyanlı zərrəcik və ya mikroorqanizmlərin bədəndən təbii yolla çıxarılması vasitəsidir. Başqa sözlərlə, travmaları bir yana qalsın, asqırmanı saxlamaqla siz özünüzü təhlükəli bakteriyalar qarşısında tərksilah edirsiniz.

Bizim bu xəstəxanaya düşən dostumuza gəlincə isə, narahat olmayın. Onu xəstəxanada bir-iki gün boru ilə yedirib-içiriblər və venadaxili antibiotik iynələri vurublar. Bir həftədən sonra şiş və ağrı bir qədər çəkilib və onu evə buraxıblar.

Hə, bir də bərk-bərk tapşırıblar ki, asqırmanın qarşısını almasın.

Bu da başa düşüləndir ki, çoxumuz bəzi yerlərdə bərkdən asqırmaq istəmirik. Belə hallarda burnunuzu və ya üst dodağınızdan yuxarını ovuşdurun, dərindən nəfəs alın. Bu adətən asqırmanın baş verməməsini təmin edir.

Amma bu da kömək etməyəndə, asqırın. Riskə getməyə dəyməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp