20 Yanvar şəhidlərinin xatirəsi Belçikada yad edilib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2018-ci il tarixində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar, Belçikanın Vaterlo şəhərində yerləşən “Wellington” muzeyinin sərgi salonunda Azərbaycanın Belçikadakı səfirliyi, NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə Qanlı Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimi keçirilib.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra səfir Fuad İsgəndərov və Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat veriblər. Natiqlər sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirməsini xatırlatmış və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd etmiş, doğma vətənin hazırki inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sonda mərasim iştirakçıları tərəfindən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın Vaterlo şəhərində yerləşən abidəsi ziyarət edilərək onun önünə əklil qoyulub.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp