Xatun ilk dəfə oğlundan danışdı: “Desəydi ki, efirə çıxmaq istəyirəm…”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Müğənni Xatun Əliyevanın Milli.Az-a müsahibəsi.

– Xatun xanım, son günlər demək olar ki, heç gündəmdən düşmürsünüz. Ümumiyyətlə sənətə gəldiyiniz ilk gündən elə bir gün yoxdur ki, gündəmdə olmayasınız. Gəlin etiraf edək ki, etdiyiniz parodiyalar sizin həmkarlarınızla münasibətinizə soyuqluq gətirsə də, uğurlu alındı.

– Mənimlə birlikdə sənətə gələn müğənnilər var ki, hamısı bir kənara çəkilib. Müğənni gündəmdən düşməli deyil. Etiraf edim ki, etdiyim parodiyalar da gündəmin bir növü idi. Düz qeyd etdiniz, bu parodiyalar nə qədər uğurlu olsa da, mənə qarşı neqativ münasibətlər də yaratdı. Hətta aparıcısı olduğum “Zarafat-zarafat” verilişinə dəvət etdiyimiz bir çox müğənnilər buna görə verilişimizə gəlməkdən imtina etdi. Son dəfə isə demək olar ki, “Maşın” realiti şousu məni gündəmdə saxladı. Bu şoudan sonra mənə çox təkliflər gəldi, amma heç birinə getmədim. Çünki yorulmuşdum, gərgin idim. Siz bilirsiniz ki, orada qalıb, mübarizə aparmaq heç də asan bir iş deyil. Həm də bir az səhhətimdə problem var idi, çünki saatlarla ayaq üstə qalırdım. Mən “Maşın” şouya gedəndə fikirləşmirdim ki, orada uzun müddət qalaram. Ona görə də planlaşdırdığım mahnıların bir çoxu yarımçıq qalmışdı. Şounu tərk edər-etməz o mahnıların üzərində işlədim, fotosessiya etdim. İlin axırına 1 ay qalmış bütün bu işləri təqdim etdim. Bu bir növ özümə verdiyim sənət hesabatı idi. Bu gün güclü olub, yeniliklər etmək, öz üzərində işləmək lazımdır. Əgər kütlə zövqsüz bir müğənnini alqışlayıb, o səviyyəyə gətirib çıxarırsa, sən repertuar olaraq, geyim olaraq yeni bir şeylər edib, fərqlənməlisən.

– Müğənni mütləq şəkildə kütləyə tabe olmalıdır?

– Müəyyən məqamlarda kütləyə tabe olmamalısan. Amma həmişə deyil. Mənim bu il səhnə fəaliyyətimin 10 ili tamam oldu. Bəzi hallarda maddiyatı fikirləşib mən də mahnılar ifa etmişəm. Amma bu həmişə belə olmayıb. Mən “Maşın” şou ərzində çox dəyişdim. Dünən bir başqa idim, bu gün bir başqa.

– İnsan var ki, öz dəyişikliyini duyur, hiss edir. Siz bəs necə?

– Mənim dəyişkənliyimi nəin ki, özüm, ətrafım da hiss edir. Mən hər gün dəyişirəm. Əlbəttə ki, dəyişməliyəm, saç düzümümü, geyimimi, mahnılarımı. Mən həqiqətən “Maşın” şouda çox şeylər gördüm. Qalibiyyətə kimi gəldim, inanın ki, bu planlaşdırılan bir şey deyildi. Murad Dadaşovu da ilk dəfə idi şouda tanıyırdım. Allah bəzən insana gözəl şanslar verir, ondan sadəcə yaxşı istifadə etmək lazımdır. Başqası mənim yerimə olsaydı, bu şoudan sonra qapı-qapı düşüb, telekanalları gəzərdi. Amma mən bir müddət kənara çəkildim. Bu canlı efir idi, bəzən özümə də xoş olmayan hallar baş verirdi. Mən bu efirdən sonra yalnız öz işimlə tamaşaçıları maraqlandırmalı, düşündürməli idim. Bu müddət ərzində 3 mahnı hazırladım. Hər şeydən vaciblisi mən Murad müəllim kimi insanla yaxında tanış oldum. Bəzən anam da deyir ki, “ay qızım, efirə çıxdın, yenə yazdılar”. Deyirəm bəs onlar nə yazsın? Mən özüm də jurnalistika sahəsindən müğənnliyə gəlmişəm. Mən danışmayım, sən danışma bəs kim danışsın? Mən bəzən İnstagram səhifəmi açıram, ordakı qalmaqallar, qeybətlər mənə daha maraqlı gəlir (gülür). Axı mən də tamaşaçıyam. Hətta mənə yazılan mənfi rəyləri də silmirəm. Bu da tamaşaçının rəyidir, görən görür ki, mən onu oxudum, amma reaksiya vermədim.

– Mənfi rəylər sizə pis təsir etmir?

– Xeyr, mən axı özümü tanıyıram. Mənim dostlarım, ətrafım, ailəm məni tanıyırsa o rəylər mənə niyə pis təsir etməlidir ki?

– Xatun, ətrafınızda həmişə böyük komanda işləyir. Kaprizlərinizə necə dözürlər? Yoxsa kapriz edən müğənnilərdən deyilsiniz?

– Əksinə mən çox kaprizliyəm (gülür). Prodüsserim Pənaha bəzən o qədər kaprizlər edirəm ki.. O çox mülayim insandır, mən amma tələbkaram. Həmişə onlara deyirəm ki, elə bir söz deyin ki, bəzən mən də sizdən ehtiyyat edim. Onun təcrübəsi böyükdür, Pənah itlə də yola gedər (gülür). O mənə heç vaxt cavab qaytarmayıb. Mən bu dəqiqə rəqabətdəyəm, həmişə ona deyirəm ki, sən mənə stimul verməlisən. Bəzən ona deyirəm ki, toyda gördün ki, yoruluram, gəl mənə stimul ver.

– Olubmu ki, nə vaxtsa işçilərinizin maaşını kəsmisiniz?

– Mən özümü çox sevirəm, özümü çox sevdiyimə görə də tələb edirəm. İşçini gərək dolandırasan, pulunu kəsməyəsən. Bəzən əsəbləşirəm. Əsəbləşsəm də etiraf edim ki, günah məndə olub. Onda mən bunların pulunu kəsmirəm, artıqlaması ilə verirəm. Görürəm ki, məni yenə əsəbləşdirirlər. Bax o zaman deyirəm ki, “vsyo”, 50 manat getdi (gülür). Elə nöqsan var ki, 100, eləsi də var ki, 10 manatlıqdır (gülür).

– Hansı illərin peşmanlığını çəkirsiniz?

– Bu peşmanlıq hamıda olur. Bəzən fikirləşirəm ki, indiki ağlım o vaxt olsaydı…(dərindən fikirləşir). Yenə də min şükür! Hər şeyi də Allahın üstünə yıxmaq olmaz. Allah pis insana demir ki, bu pis olmalıdır. O insana seçim verir, biz seçirik.

Bu günkü gündə bəzi şeylər olur ki, deyirəm, kaş bunu 5 il bundan əvvəl bilərdim. 5 il öncə belə sözümü deyən, öz sözümün üstündə duran xasiyyətim olardı. İndi məni aldatmaq qeyri-mümkündür. Çox hissiyatlıyam, hiss edirəm ki, qarşımdakı insan hansı məqsədlə mənə yaxınlaşır. Ayıq insanam, həyatda heç bir şey hələ ki, məni öz əsiri etməyib.

– Xatun, gah arıqlayıb, gah da çəki alırsınız. Son zamanlar da çox arıqlamısınız. Olmaya siz də digər həmkarlarınız kimi əməliyyatla arıqlamısınız?

– İnanın Allaha, heç bir əməliyyat etdirməmişəm. Əslində bir ara istəyirdim əməliyyat keçirim, amma Dilarə Əliyeva məni bu fikirdən yayındırdı. Əsas odur ki, insanın canı sağ olsun. Həm də mən idmanla məşğul oluram, cavan qalmaq üçün müəyyən prosedurlar edirəm. Həftənin 3 gününü ya fitnes, ya üzgüçülük ya da plateslə məşğul oluram. Bütün bunları arıqlamağıma görə yox, sağlam olmağıma görə edirəm.

– Doğmalarınıza çox bağlısınız. Bilirəm ki, ən zərif nöqtəniz ailənizdir..

-Yaşımın üstünə yaş gəldikcə atamı, anamı daha çox istəyirəm. Bir vaxtlar onların sözünə qulaq asmadığım, məsləhətlərini dinləmədiyim üçün təəssüflənirəm. Bəzən deyirəm ki, o vaxt bilsəydim, anamın bu sözünə qulaq asardım. Amma o vaxt bunu dərk etmirdim, elə bilirdim ki, anamdan ağıllıyam. Bu gün necə ki, oğlum özünü məndən ağıllı hesab edir. Əslində bəzi məqamlar var ki, mənim oğlum məndən ağıllıdır.

– Oğlunuzu niyə efirlərdən gizlədirsiniz?

– Bu mənim yox, özünün seçimidir. Əgər o mənə desəydi ki, efirə çıxmaq istəyirəm, mən onun bu istəyini böyük məmnuniyyətlə həyata keçirərdim. Amma mən onu efirlərdən qoruduğuma görə çox sevinirəm. Çünki bu gün sosial şəbəkələrdə tanınmışların övladlarına necə şərlər, böhtanlar atırlar, bunu görürəm. O vaxtlar onlar bəlkə də bilmirdilər ki, vaxt gələcək İnstagram olacaq. Oğlum bəlkə də zamanı qabağlayıb, buna görə ona minnətdaram. Oğlumun bir xasiyyəti var, istəyir ki, mənə görə ona hörmət qoymasınlar, onun özünə görə hörmət qoysunlar.

– Maraqlıdır, Xatun necə qaynana olacaq?

– Bizim gəlinlərimiz həmişə mənə deyir ki, kaş hamıya sənin kimi baldız qismət olardı. Mən çox yaxşı baldızam, onlara məsləhəti də xoşluqla vermişəm. Onlar evdədir, heç nədən xəbərləri yoxdur. Mən onlara bayırdan, çöldən xəbər gətirirəm ki, qadın üçün ailədən gözəl bir şey yoxdur. Bu gün siz əgər ər çörəyi yeyirsinizsə, balalarınız varsa, xoşbəxtçiliyiniz varsa, bunun qədrini bilin. Allah hərəyə bir taley qismət edir. Ən azından fikirləşmirsiz ki, çörəyi, əti evə kim alacaq? Amma mənim qayğılarım çoxdur və mən tək öz dərdimi çəkmirəm, tanınmış olan insandan bütün qohumları umur. Mütləq onlara kömək etməlisən, onlarla paylaşmağı bacarmalısan.

– Şou-biznesdə özünüzə hansı məhdudiyyətləri qoymusunuz?

– Yaşa dolduqca özüm-özümə deyirəm ki, “Xatun ora getmə, Xatun bura getmə”.

Bəzi müğənnilər var ki, görürəm ki, onlar cəmiyyətdə pis hörmət qazanıb, onlarla şəkil çəkdirmək belə istəmirəm. Ona görə yox ki, mən onlardan üstünəm, bəlkə də onlar məndən üstündür. Sadəcə istəmirəm adım onlarla birgə hallansın. O dövrüm artıq çoxdan keçib. Vaxtilə bunu etmişəm, amma bilməmişəm ki, onun nəticələri nə olacaq? Amma indi bilirəm..

– Nə qədər desəniz də qalmaqaldan uzağam, amma sizi qalmaqala sürükləyirlər. Elə Nazpəri Dostəliyeva ilə son olaydan gəlin danışaq.

– Mən əslində bu haqda heç danışmaq istəmirəm. O xanım özü bunu etdi. O məndən böyükdür. Sənətkardır, mən özümü onunla bir etmirəm. Vaxtilə xalamın evində olub, bizim bütün toylarımızı aparıb. Mən uşaq olanda o səhnələrdə idi. O da özünə hörmət edən insandır, mən də. Amma istəmirəm bunu çox qabardım. Verilişdə də onun xətrinə dəyəcək bir söz demədim. Mənim şükür Allaha savadım da var, danışığım da.

Lazım olanda sözümü də deyirəm, müəyyən qalmaqallara reaksiya da verirəm.

– Xatırladım ki, Nazpəri Dostəliyeva müsahibəsində sizi tanımadığını, heç tanımaq belə istəmədiyini bildirmişdi.

– Bu sözünə görə sosial şəbəkələrdə onu çox tənqid etdilər. Əslində o sözü deməməliydi. Dedisə də sağ olsun, mən yenə də onun böyüklüyünə hörmət edirəm. O mənim böyüklərimlə yaxın olub, bir bölgədənik. Məni tanımır tanımasın. Mən bütün müğənnilərimizi gözəl tanıyıram.

– Barışıq addımı atmağı fikirləşirsiniz?

– Mən onun xətrinə dəyəcək bir söz deməmişəm. Ona barışıq addımı atmıram, amma pis bir şey də arzulamıram. Yenə də deyirəm, böyükdür.

– “Bacanaqlar” serialında nədənsə görünmürsünüz. Olmaya serialdan ayrılmısınız?

– Bəli, ayrılmışam. Bu mənim qərarım idi. Məndə belə bir xasiyyət var, hiss edirəm ki, bu iş bir azda davam etsə nəticələri heç də ürəkaçan olmayacaq, mənə ziyan gətirəcək tez 1-ci özüm uzaqlaşıram. Oradakı abu-hava get-gedə qənaətbəxş deyildi. Hamı müdürlük edirdi. Can yiyəsi qalıb bir kənarda (Elməddin Cəfərov) başqaları əmirvakiliq edirdi. Ordakı auranı sevmədim. Həm də mənə baş rol yaraşır (gülür). Kino təklifləri alıram, sadəcə olaraq seçim edirəm. Bu günlərdə bir təklif gəldi nə rolu, nə də ssenarini bəyənmədim. Kino çəkildi, istehsalata girdi amma tutmadı. Yaxşı təklif və ssenari olsa, razılıq verə bilərəm.

Əli Rəhimoğlu

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp