Azərbaycanlı yeni dövlət yaratdı – Asqardiya BMT-yə üzv olmağa hazırlaşır



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İqor Aşurbəyli 2000-ci illərdə Rusiyanın raket qurğuları, hava hücumundan müdafiə sistemləri, darilokasiya stansiyaları və digər hərbi avadanlıqlar istehsal edən ən böyük müdafiə sənayesi konsernlərindən biri olan “Almaz-Antey” dövlət konserninin rəhbəri olub. 2016-cı ildən isə onun tam fərqli layihəsi var. İ.Aşurbəyli yeni – Asqardiya kosmik dövlətinin yaradıldığını bəyan edib. O, israrla Ayda koloniya təsis etmək fikrindədir. İş adamının fikrincə, bu dövlət yaxın zamanlarda BMT-nin üzvü olmalıdır.

“Mən həyatda ikən Ayda daimi yaşayış yeri yaratmaq və ora uçmaq istəyirəm. Digər bütün şeylər avantüradır. Belə ki, məsələ hətta texnikada da yox, daha çox fiziologiyadadır. Bəşəriyyət sadəcə kosmik şülanma şəraitində yaşaya bilməz. Ona görə də Mars haqqında istənilən boşboğazlıq elə cəfəngiyyatdan başqa bir şey deyil. Yəni təbii ki, bir tərəfə bilet almaq olar, bundan artığını yox. Amma Ay – bəli, bu daha gerçək, anlaşılan və yaxındır,” – deyə İ.Aşubəyli “Meduza”-ya bildirib.

İ.Aşurbəyli Asqardiyanın yaranmasını 2016-cı il oktyabrın 12-də Parisdə “Rits” otelində keçirdiyi mətbuat konfransında bəyan edib. Belə bir dövlətin yaranması fikri isə onun başına 2016-cı ilin yayında Kanadada Monreal şəhərində kosmik hüquqlara dair beynəlxalq konfransdan sonra pivə içərkən gəlib.

2017-ci il noyabrın 12-də “Antares” raket-daşıyıcısı ABŞ-ın Virciniya ştatının Uollops kosmodromundan orbitə “Cygnus” kosmik yükdaşıyanı çıxardı. Orda bir sıra şeylərlə yanaşı çox kiçik, çəkisi cəmi 2,8 kq olan peyk – “Asgardia-1” adlı kubsat da vardı. Peykə Asqardiyanın vətəndaşlarının yeni dövlətin rəsmi saytı vasitəsilə göndərilmiş 512 qiqabaytlıq məlumatları da yüklənmişdi. Peykin buraxılmasını İ.Aşurbəyli şəxsən özü maliyyələşdirmiş və buna görə 500 min avro xərcləmişdi.

Peyk hər şeydən əvvəl elmi missiya yerinə yetirir. Onun köməyi ilə kosmik radiasiyalar şəraitində məlumatların qorunub saxlanmasını yoxlamaq olar. Amma onun əsas vəzifəsi İqor Aşurbəyli tərəfindən yaradılmış yeni dövlət üçün böyük olmasa da, öz süveren ərazisinin yaradılmasıdır. Ona qədər isə dövlətin artıq bayrağı, himni, gerbi və “əhalisi” vardı. Amma dövlətin malik olduğu minimal ərazi isə heç yerdə qeydə alınmamışdı. Ona görə də Asqardiya indi formal olaraq bu əlamətlərə də malikdir.

Asqardiyanın bayrağı

Asqardiyanın əsas təmsilçi hüquqi şəxsi Avstriyanın paytaxtı Vyanadadır. Bura Avstriyanın neytral dövlət olması üçün seçilib. Üstəlik, BMT-nin kosmos üzrə komitəsi də bu şəhərdə yerləşir. Asqardiyada əsas dövlət orqanları yaradıldıqdan sonra Aşurbəyli BMT-yə üzv olmaq üçün bu təşkilata müraciət etmək niyyətindədir. Onun fikrincə, BMT-nin Asqardiyanı üzvlüyə qəbul etməmək şansı yoxdur. Təsisçinin sözlərinə görə, bunun üçün Asqardiyanın müstəqilliyini ikitərəfli danışıqlar əsasında cəmi 5 dövlətin tanıması kifayətdir. O, hətta həmin dövlətlərin hansılar olacağını da əvvəlcədən bilir. Məsələn, kosmik dövlətin başçısı ilk növbədə Monako və Lixtenşteynin dəstəyinə ümid edir.

Artıq Asqardiyanın müxtəlif ölkələrdən sayt vasitəsilə qeydə alınmış 170 minə yaxın istifadəçi-vətəndaşı var. Saytın əsas səhifəsində fəxrlə qeyd olunur ki, əhalisinin sayı reytinqinə görə, Asqardiya Kiribati və Andorranı da geridə qoyaraq planetdə 174-cü yeri tutur. İ.Aşurbəylinin çoxsaylı bəyanatlarına görə, yeni dövlətin quruluşunu da məhz onun sakinləri müəyyən edirlər. Asqardiyanın Konstitusiyasında dövlətin krallıq, İqor Aşurbəylinin isə Ata-təsisçi və Dövlətin Birinci Başçısı olduğu göstərilir.

Qeyd edim ki, 54 yaşlı İqor Rauf oğlu Aşurbəyli milliyyətcə azərbaycanlıdır və ötən əsrin əvvəllərində məşhur neft sənayeçi-aristokratları nəslindəndir. O, 1963-cü il sentyabrın 9-da Bakıda anadan olub, 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1990-cı ildə Moskvaya köçüb və proqram təminatı və kompüter texnikası ilə bağlı bizneslə məşğul olmağa başlayıb. 2000- 2011-ci illərdə Rusiyanın “Almaz-Antey” ASC dövlət konserninin baş direktoru olub. Rusiyanın dünyaya səs salan S-300 “Favorit”, (С-300 “Фаворит”), S-400 “Triumf” (С-400 “Триумф”) məşhur zenit-raket sistemlərinin modifikasiyaları da daxil olmaqla silahların istehsalı, S-500 (“С-500”) və “Vityaz” (“Витязь”) sistemlərinin layihələndirilməsi məhz onun rəhbərliyi altında olub. Rusiyanın Hava-Kosmik Müdafiəsi Vahid Sisteminin yaradılması konsepsiyasının müəllifi də məhz odur. Hazırda siyasətlə məşğul olan İqor Aşurbəyli 2015-ci ildə məşhur siyasətçi, Dövlət Dumasının sabiq sədri Gennadi Seleznyovun ölümdən sonra Rusiya Dirçəliş Partiyasına sədrlik edir. O, Rusiyada konstitusiyalı monarxiya qurulmasının və ölkəni təxminən 40 yaşlı gənc çarın idarə etməsinin tərəfdarıdır.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp