Nazirlər yenə görüşür – Qarabağın bəxti açılacaq?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli.Az xəbər verir ki, yanvarın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbəndyanla görüşəcək. XİN-dən Milli.Az-a verilən məlumata görə, görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Krakov görüşündə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edəcək qərarlar qəbul edə bilərlərmi? Bununla bağlı Milli.Az-a açıqlama verən “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib ki, indi əsas gözlənti Ermənistandandır:

   “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşü barədə məlumatın yayılmasından bir gün qabaq bəyanat vermişdi. Lavrovun bəyanatından belə başa düşülür ki, o, bir tərəfi danışıqlara daha ciddi yanaşmağa çağırır.

Təbii ki, bu çağırış Azərbaycana aid deyil. Çünki Azərbaycan Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasını istəyən tərəfdir. Ona görə də fikrimcə, bu, Ermənistana yönəlmiş bir çağırış idi. Krakovdakı danışıqlardan da gözlənti odur ki, orada hansısa məsələlər öz həllini tapsın. Bunlar hansılardır?

Uzun müddətdir ki, həmsədrlər və Ermənistan tərəfi atəşkəsin davam olunması və cəbhə xəttində nəzarətin gücləndirilməsi məsələsini qaldırırdılar.

Onlar hesab edirlər ki, guya bu danışıqlara yeni təkan verəcək. Lakin uzun müddətdir ki, qoşunların təmas xəttində atəşkəs demək olar ki, qorunur, ciddi şəkildə pozulmur. Düzdür, ermənilər 81 hərbçinin ölümü barədə məlumat yaymışdılar, amma məlum olur ki, bunlar ordu daxilindəki hadisələr nəticəsində baş verib. Yəni hazırda danışıqların gedişatına ciddi heç bir əngəl yoxdur. Ona görə də düşünürəm ki, Elmar Məmmədyarov da Krakov görüşündə bu məsələni xüsusi qeyd edəcək.

   

İndi gözlənti məhz Ermənistan tərəfinin addım atması ilə bağlıdır. Çünki Qarabağ probleminin həlli yolu Ermənistanın işğal ordusunun Azərbaycan ərazilərindən çıxarılmasından keçir. Hər halda bütün bunlardan sonra Ermənistan tərəfinin və həmsədrlərin hansı bəhanələr irəli sürəcəyini biləcəyik”.

 Ekspertin qənaətincə, nazirlər ciddi şəkildə nədəsə ortaq məxrəcə gələ bilsələr, o zaman yaxın zamanlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də təşkil edilə bilər:

“Azərbaycan bu məsələnin tezliklə həllinin tərəfdarıdır, ona görə də prezidentlərin görüşü problem deyil. Lakin məsələ ondadır ki, hazırda Ermənistanda iqtidarın başı digər məsələlərə qarışıb. Çünki orada konstitusion dəyişikliklərlə əlaqədar prezident idarə üsulundan parlament idarəçiliyinə keçid dövrüdür. Ona görə də prezident və baş nazir postunda kimin olacağı uğrunda mübarizə gedir. Belə bir şəraitdə xarici işlər nazirlərinin görüşündən o qədər də böyük irəliləyiş gözləmək düzgün olmazdı. Lakin düşünürəm ki, Azərbaycan tərəfi bu görüşdə uzun müddətdir ki, cəbhə xəttində hərbi əməliyyatların olmamasını xüsusi qeyd edəcək və bundan sonra Ermənistandan və həmsədrlərdən konkret addımların atılmasını istəyərək gözləyəcək”.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, TwitterYoutube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp