Dünyanın nadir xəstəliyinə tutulan azərbaycanlı gənc kömək istəyir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İstedadlı və perspektivli gənc Səfiyev Cavid Kamal oğlu 1 yaşından “Qırtlağın residivləşən popillomotozu” xəstəliyindən əziyyət çəkir.

Milli.Az xəbər verir ki, kasıb ailənin övladı olan C.Səfiyev atasını gənc yaşlarında itirib. Hər 6 aydan bir əməliyyat olunmalıdır ki, bu da təqribən 3000 dollara başa gəlir. Maddi cəhətdən imkansız olan ailənin yardıma ehtiyacı var. Bu səbəbdən də C.Səfiyevlə söhbətləşib onun dərdinə şərik olduq.

Qeyd edək ki, C.Səfiyev 1991-ci il aprelin 19-da Bakıda doğulub. 500 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. “Ümumi iqtisadiyyat” fakültəsinin “Sənayenin təşkili və idarə olunması” ixtisasını bitirib. O, bizimlə söhbətində qarşılaşdığı problem barədə məlumat verdi: “Bir yaşından “Qırtlağın residivləşən popillomotozu” xəstəliyindən əziyyət çəkirəm. Həkimlərin yoxlaması əsasında məlum olub ki, bu xəstəliyin dünya təcrübəsində tam müalicəsi yoxdur. Hələ uşaq ikən qırtlaqdan popillomotozların xaric edilməsi əməliyyatlarımı A.F.Qarayev adına 2 saylı xəstəxanada həyata keçirilib. Yaranmış popillomun cərrahi yolla kəsilib götürülməsi isə hər 5-7 aydan bir həyata keçirilməlidir. Buna görə də hər 5-7 aydan bir təkrar cərrahi əməliyyat olunuram. Hər əməliyyatım çox pul aparsa da ( 2500-3000 dollar), gələcəyə ümidlə baxan valideynim dəfələrlə qohum və tanışlardan borc alaraq mənim həyatda qalmağım üçün əlindən gələni edir. Ona görə də hesab edirəm ki, kiçik yaşlarımdan atamı itirməyim, bu səbəbdən də evin və mənim müalicəm üçün lazım olan maddi vəsaitin sadə bir Azərbaycan qadınının üzərinə düşməsi, hər 5-7 aydan bir əməliyyat üçün 2500-3000 dollar xərcləməyimizi, bu səbəbdən də evdə yaranan şəraiti təsəvvür etmək o qədər də çətin deyil.

Bu illərdə Azərbaycanın və Türkiyənin bir çox özəl və dövlət xəstəxanalarında müayinə və cərahhi müalicə olunmuşam. İlk diaqnozlarda yetkinlik yaşına çatdıqda xəstəliyin dayana bilmə ehtimalını göstərsələr də, bu, özünü doğrultmadı. Belə ki, yetkinlik yaşına çatdıqdan sonra məlum oldu ki, bu xəstəlik daima davam edəcəkdir. Xəstəliyin bir az da irəliləməsi nəticəsində (”Popillomların traxeyaya, bronxlara yayılması və sol ana bronxdada əmələ gəlməsi”) Azərbaycanda cərrahi yolla müalicəsi mümkün olmadı və həkimlər burada məni əməliyyat etməkdən imtina etdilər. Buna görə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə dövlət komissiyasının” 17 may 2011-ci il tarixli iclasının 5 saylı protokolu əsasında mənim xarici ölkəyə göndərilməyim qərara alınıb. Lakin heç bir yardım olunmadığı üçün anamla Türkiyəyə öz vəsaitimiz hesabına getdik və orada Süreyya Paşa dövlət xəstəxanasında, Medistate özəl xəstəxanasındanasında, Özəl İstanbul cərrahiyyə xəstəxanasında, Sağlık Bakanlığının Yedikule Göğüs Hastalıqları ve Göğüs cerrahisi Eğitim və Araştırma xəstəxanasında müxtəlif vaxtlarda dəfələrlə müayinə və cərrahi əməliyyat olunmuşam. Maddi imkansızlıqdan Azərbaycanın müxtəlif xəstəxanalarında, o cümlədən Medi Style xəstəxanasında “səs tellərində törəmənin” cərrahi üsulla çıxarılması əməliyyatı keçirtsəm də, sonra yetərli olmadığından yenidən əməliyyat lazım gəldi və yenidən İstanbulda əməliyyat olundum.

Lakin bu xəstəlik bayaq da qeyd etdiyim kimi hələ də davam etməkdədir və ümumilikdə 91 əməliyyat keçirmişəm (uşaq olarkən əməliyyatlar 2-3 aydan bir həyata keçirilirdi). Xəstəliyin yaratdığı fəsadlar nəticəsində Ağır dərəcəli tənəffüs catışmazlığı var, 2-ci qrup əliləm. Əlavə olaraq Bronxektaziya xəstəliyindən əziyyət çəkirəm, səs tellərim korlanıb və səsim zəif çıxır”.

C.Şəfiyev işləmək istəsə də, normal gəliri olan bir iş tapa bilmir: “Müalicə üçün maddi imkanlarımız olmadığından mən işləmək məcburiyyətində qalmışam. Ancaq işləmək istəsəm də iş məsələsi müşkül bir məsələyə çevrilmişdir. Belə ki, ali təhsilim olsa da iş tapmaq çox çətindir. Dövlət tərəfindən 2-ci qrup əlil kimi pensiya alıram. Nəzərə alsaq ki,əməliyyat xərci ümumilikdə hər 5-7 aydan bir təxminən 2500-3000 dollara başa gəlir, o zaman bizim nə qədər maddi sıxıntı çəkdiyimiz aydın olar. Mənim əməliyyatıma daimi köməklik lazımdır. Bir neçə dəfə müxtəlif yerlərə müraciət etsəm də, məni Səhiyyə Nazirliyinə yönləndirirlər, amma bunun bir nəticəsi olmur. Əgər mənə bu köməklik göstərilərsə, mən dövlətimiz, xalqımız üçün çox faydalı işlər görmək istəyirəm. Uşaqlıqdan bu xəstəlikdən əziyyət çəkməmə baxmayaraq bir an belə olsa mən bu həyata və gələcəyə olan inamımı itirməmişəm, bunun üçün də göydə Allah yerdə sizlərdən köməklik gözləyirəm. Uşaq yaşlarımdan bu qədər əzab əziyyətə məruz qalmağına baxmayaraq mənim həyat eşqim sönməyib. Həyatımı davam etdirmək üçün müntəzəm əməliyyatlar keçirməliyəm. Bu əməliyyatları həyata keçirmək üçün daimi maddi yardıma ehtiyacım var. Böyük ümidlə sizdən kömək gözləyirəm…”.

QEYD: Cavid Səfiyevlə bağlı bank hesabı açılıb: AZ24AZEG41010944014794200001 

Alan müştəri: Səfiyev Cavid Kamal oğlu

Benefisiar bank: AGBANK ASC

Ünvan: İ.Qutqaşınlı küç.89, Bakı, Azərbaycan, AZ1073 Kod: 505817 VÖEN: 9900019651

Müxbir Hesab: AZ75NABZ01350100000000017944 SWIFT: AZEGAZ22

Müxbir bank: AR Mərkəzi Bankı SWIFT: NABZAZ2C

Əlaqə nömrəsi: +994 50 4020642

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp