Xatirənin əsgər yeri dəyişməyi, Nazəninin başıdikliyi, Şəbnəmin mərifəti, Fədayənin toysuz bacısı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan “Həftəbecər”i (155-ci say) təqdim edir.

Sənətçilərin hər sahədən danışdıqlarını görmüşdük, bircə əsgərlərin yerini dəyişdirə bilmək bacarıqları qalmışdı. Hərdən düşünürəm ki, doğrudanmı bunlar belə matah adamlardı və çox önəmli işlər görürlər ki, istədiklərini danışsalar da, onlara “gözün üstündə qaşın var” deyən olmur. Müğənni Xatirənin bu açıqlamasını oxuyun, nə demək istədiyimi başa düşəcəksiz

“Qardaşım cəbhə bölgəsində əsgərlikdədir. İmkan vermədi ki, kiməsə zəng vurub, yerini dəyişim, tapşırım. Bəlkə də kənardakılar elə düşünür ki, Xatirənin qardaşı cəbhə bölgəsində ola bilməz. Amma mənim kimi insanın qardaşı oradadır. Mən ailəm üçün yaşamışam. Nə istəyiblər, onu etmişəm. Mənim tanışlarım, ətrafım çoxdur. Hərdən eşidirəm ki, deyirlər, kiminsə uşağı filan yerdə əsgərlikdə olmur”.

Diqqətlə oxudunuzmu? Bu açıqlamadakı “mənim kimi insan” ifadəsini başa düşmədim. Xatirə bu sözü deyərkən, əcəba, nəyi nəzərdə tutur? Doğrudanmı onun belə bir səlahiyyəti mövcuddur? Yaxud kimdənsə üstün, fövqəladə səlahiyyət sahibidir? Deməli, əvvəldə dediyimə qayıdırıq. Müğənnilərin elə bacarıqları var ki, onu biz bacarmırıq. Şəxsən mənə Xatirənin qardaşının əsgər yoldaşlarının bu açıqlamaya olan reaksiyası da maraqlıdır. Hələ bəlkə də əsgər yoldaşları onun qardaşına təşəkkür edib deyirlər ki, düz edib bizimlə əsgər yoldaşı olmusan, biz də sənin sayəndə tarixə düşmüşük.

Müğənni Nazənin də bu həftə belə bir açıqlamayla yadda qalıb:

“Mən övladlarımın qarşısında, ailəmin qarşısında, qardaşlarımın, tamaşaçıların, sizin qarşınızda başıaşağı olacağım heç nə etməmişəm. Başım dik gəzirəm”.

Mən də deyirəm niyə Nazənin xanım efirdə də “farağat” vəziyyətində olur. Sən demə, başı dik gəzdiyi üçün beləymiş.

Rəqqasə Sevdayla həyat yoldaşının anası arasındakı dava-dalaş məhkəməyə qədər gedib çıxa bilər. Qayınanası iddia edir ki, Sevda ev və maşın qarşılığında onun oğlunu ələ alıb. Oğlu da deyib ki, axıra qədər Sevdanın yanındadır. Amma hələ heç kim bilmir ki, Sevda axıra qədər həmin oğlanın yanında qalacaqmı?

Şəbnəm Tovuzlunu tanıyırsınız? Yəqin mahnılarını da eşitmisiniz. Bax, o, şou-biznesdəkilərin çoxundan mərifətli, qanacaqlı və ürəyi təmizdir:

“Məni hər kəs sevə bilməz. Mən buna real baxıram. Amma bu paxıllıq da ola bilər. Amma mən elə paxıllıq çəkiləsi insan da deyiləm. Allah verdiyi qamətdir, Allah verdiyi görünüşdür. Kaş ki, şou-biznesdə olan müğənnilərin 40 faizi mənim kimi mərifətli, qanacaqlı, ürəyi təmiz ola”.

Doğrudanmı, sənət aləmində ürəyi təmiz, mərifətli, qanacaqlı adamlar bu qədər çoxdur ki, onlardan biri də Şəbnəmdir? Tutaq ki, belədir. Bəs bu qırx faiz hardan çıxdı? Bunu hansı mühasib, hansı audit şirkəti hesablayıb? Bunların işi qalıb Saakaşviliyə, mən ölüm. Gəlib çıxsaydı, yaxşı olardı.

Ötən həftə müğənni Yeganəni “mən avtobusa minən qız deyiləm” açıqlamasına görə necə hoydu-hoyduya götürdünüzsə, bu həftə deyib ki, səsim batsa, ev təmizləyib pul qazanaram. Səmimi və qəşəng açıqlamadır. Mübariz Tağıyev demiş, intəhası, səs məsələsini tuta bilmədim. Səsim batsa deyərkən, yəni bu, o mənaya gəlir ki, səsim var və bata bilər? Elə bilin mən deyirəm ki, kasıblasam, filan işi görəcəm.

Görün iş nə yerə çatıb ki, xalq artisti Fərhad Bədəlbəyli də sponsorların qadın sənətçilərə olan “marağından” danışıb. Bunu mən demirəm ha, Fərhad Bədəlbəyli deyir:

“Şou-biznesin qalmaqallarından çəkinirəm. Primitiv səviyyədə, lazımsız söz-söhbətlər olur. Kimsə-kimdənsə küsür, arxasınca danışır. Nə qədər yüz minlik saat, 200-300 minlik maşınla reklam olmaq olar? Bunlar bir köpüklük deyil. Sponsorlar ancaq ucuzluq edirlər. Sponsorlar ancaq şou-biznesin gözəl xanımlarını dəstəkləyirlər. Bir rəssamı, sənətkarı dəstəkləmək mədəniyyəti bizdə yoxdur”.

İnanmıram ki, bu yazını həmin “sponsorlar” oxuyur. Amma ətrafınızda belələri varsa və ərkiniz çatırsa, deyin ki, həmin sənətçilərdə diqqətinizi çəkən hər nədirsə, siz ondan da dəyərsizsiniz. Təbii ki, bura sənətçinin səsi, görünüşü, ədəb-ərkanı və sair daxildir. Yəni, türkün sözü, direk ağlınıza başqa şeylər gətirməyin.

Müğənni Fədayə Laçının bacısı İlahə Fəda toysuzluqdan gileylənib. Halbuki illər öncə yaşlı bir insanın ona dəstəyi sayəsində xeyli var-dövlət qazanmışdı. Amma, deyəsən, sonradan hamısını külək apardı. Deyib ki, onu toylara çağırmırlar:

“Çörəkpulunu toydan qazanırdım. İndi onu da çox gördülər. Fədayənin günahı var, bəs mənim?”

Sonda bir elanı nəzərinizə çatdırırıq. Ürəyi zəif olanların oxumamağı məsləhətdir. Çünki bu, bizim mədəniyyətimiz üçün son dərəcə ağır itkidir. Aşpaz-müğənni Niyam Səlami 10 gündən sonra Türkiyənin Bodrum şəhərinə köçəcək. O, Bodrumda restoran açacaq.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp